Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi tərəfindən Gədəbəy Aşıq Məktəbində tədbir keçirilmişdir.

01 dekabr 2016 | 16:00

“Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi tərəfindən Gədəbəy Aşıq Məktəbində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatı dəstəyi ilə “UNESCO-da Azərbaycan irsi-10" adlı layihəsi çərçivəsində tədbir keçirilib.
Azərbaycanın Aşıq sənətinin  2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsinə həsr olunan tədbirdə Gədəbəy rayon İcra Hakimiyyətinin  əməkdaşları, Gədəbəy Aşıq Məktəbinin direktoru Etibar Əliyev, gənc müəllimələr və  100-ə yaxın gənc məktəbli iştirak edib. Tədbiri giriş sözü ilə açan “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin sədri Fərhad Abdulov layihənin məqsədinin Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın siyasətinin davamı olaraq UNESCO-nun Reprezentativ siyahısına daxil olan  Azərbaycanın milli-mədəni irs nümunələrinin qorunmasına, tanıdılmasına və təbliğinə xidmət etməsini qeyd edib, milli-mədəni irs nümunələrimizin qorunmasının və təbliğinin önəmindən söz açıb. Gənc məktəblilərə vacib məlumatları özündə əks etdirən məlumatlandırıcı flayerlər paylanılıb, gənc aşıqların kollektiv və solo ifları dinlənilib. Tədbirin sonunda Aşıq sənəti üzrə musiqi təhsili alan gənc aşıqlar, tədbir boyunca UNESCO-ya daxil olan 10 milli-mədəni irs nümunəsini öyrənib sadalayan fəal gənclər həvəsləndirici sertifikat və qiymətli hədiyyələr ilə təltif olunublar.
Layihənin Göyçay, Kürdəmir, Şəmkir, Bərdə, Göygöl, Saatlı, Füzuli, Balakən, Zaqatala, Quba, Xaçmaz, Masallı, Lənkəran rayonlarında, Mingəçevir, Gəncə və Bakı şəhərlərində davam etdirilməsi nəzərdə tutulur.
Məlumat üçün qeyd edək ki, İçərişəhər tarix-memarlıq qoruğu, Qobustan dövlət tarixi-bədii qoruğu UNESCO-nun Ümumdünya Maddi-Mədəni İrs üzrə, Azərbaycan muğam sənəti, Azərbaycan aşıq sənəti, Novruz bayramı, Azərbaycan ənənəvi xalçaçılıq sənəti, Azərbaycan tarı, Azərbaycan Kəlağayı sənəti, Lahıc misgərlik sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə, Cövkən oyunu isə UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil olmuşdur.

Keçidlər