Şriftin ölçüsü :

Saytın rəngi :

Respublikanın ali məktəblərinə qəbul olunmuş tələbələrlə görüş keçirilmişdir.

06 sentyabr 2014 | 15:00

06  sentyabr 2014-cü il tarixində rayon İcra hakimiyyətinin başçısı Ramiz Yediyarovun respublikanın ali məktəblərinə qəbul olunmuş tələbələrlə görüşü keçirilmişdir. Görüşdə rayonun ümumtəhsil məktəblərinin direktorları, tələbə adını qazanmış gənclər və valideynlər iştirak etmişlər.

Görüşdə Rayon İcra hakimiyyətinin başçısı Ramiz Yediyarov tələbə adını qazanmış gəncləri, onların valideynləri və müəllimlərini təbrik edərək qeyd etmişdir ki, rayonumuzda ali məktəblərə daxil olan gənclərin sıralarının ildən-ilə artması həm də elmə, biliyə olan marağın artması deməkdir.  Respublikamızda təhsilə və onun inkişafına hələ Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi dövründə xüsusi diqqət yetirilmişdir. Bu ənənə ölkə prezidenti cənab İlham Əliyevin fəaliyyəti ilə müvəffəqiyyətlə davam etdirilir. Ölkə rəhbəri tərəfindən təhsilin inkişafı üçün mühüm tədbirlər həyata keçirilmiş, təhsil islahatlarının, təhsil haqqında qanunun və təhsilin inkişafı ilə əlaqədar Dövlət Proqramlarının hazırlanması və yerinə yetirilməsi daim diqqət mərkəzində saxlanılmışdır. Respublikamızda  olduğu kimi rayonumuzda da təhsilin inkişafı ilə bağlı görülən işlər göz qabağındadır. Son on ildə rayonumuzda 70-dən çox məktəb binası yeni tikilmiş və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir. 180 şagird yerlik İsalı və Moruxlu kənd tam orta məktəblərində tikinti işləri davam etdirilir. Bu diqqətin nəticəsidir ki, rayonumuzda təhsilin inkişafında uğurlu nəticələr qazanılır. Bunu bu gün görüşünə toplaşdığımız tələbə gənclərin nailiyyətləri bir daha sübut edir. Bu il rayonumuzun orta məktəblərini bitirən məzunlardan 189 nəfəri tələbə adını qazanmışdır ki, bunlardan 22 nəfər 500-dən, 7 nəfər 600-dən yuxarı bal toplayaraq ali məktəblərə daxil olmuşlar. Mən tələbə adını qazanmaq şərəfinə nail olduğunuza görə hər birinizi ürəkdən təbrik edirəm. Eyni zamanda sizin yüksək hazırlığınızda əməyi olan müəllimlərinizi və valideynlərinizi təbrik edirəm. Arzu edirəm ki, siz ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanımızın inkişafı, tərəqqisi naminə görülən işlərə layiqli töhfələr verəsiniz. Sonra rayon təhsil şöbəsinin müdiri Baxış Nağıyev respublikanın ali məktəblərinə qəbul olunmuş tələbələri və onların valideyinlərini təbrik etdi.
            Tədbirdə Arabaçı kənd tam orta məktəbinin direktoru Tofiq Mirzəyev, Arıqıran kənd tam orta məktəbinin direktoru Natiq Hüseynov çıxış edərək gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitdən razılıqlarını bildirərək ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə və tələbələrlə görüşə görə rayon İcra hakimiyyətinin başçısı Ramiz Yediyarova minnətdarlıq etmişlər.    Tələbə adını qazanmış Çalburun kənd tam orta məktəbin məzunu, 663 balla Bakı Dövlət  Universitetinə qəbul olunmuş Səfərli Günay Arzu qızı, Çaldaş kənd tam orta məktəbin məzunu, 609 balla Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunmuş Abuzərov Babək Məsim oğlu və Düzrəsullu kənd tam orta məktəbin məzunu, 618 balla Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olunmuş Allahverdiyev Rəşid Cahid oğlu çıxışlarında dövlətin gənclərə bu cür diqqət və qayğısına mükəmməl təhsilləri və gələcəkdə yüksək vətəndaşlıq mövqeyi ilə cavab verəcəklərini söyləmişlər.
          Yekunda ali məktəblərə qəbulda yüksək bal toplamış tələbələrə rayon İcra hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərman və hədiyyələr  verilmiş, xatirə şəkli çəkilmişdir.

Keçidlər